Türkiyədə qədim mixi yazılar aşkarlanıb | FOTOLAR

   Türkiyədə qədim mixi yazılar aşkarlanıb |    FOTOLAR
  16 Sentyabr 2025    Oxunub:573
Türkiyənin Sivas vilayətinin Yıldızəli rayonunda, het dövrünə aid "Qayalıpınar" yaşayış məntəqəsində mixi yazılardan ibarət kitabələr, eyni zamanda, hökmdarlara, onların ailələrinə və dövlət əyanlarına məxsus möhürlər üzə çıxarılıb.
Türkiyə mətbuatının yaydığı məlumata əsasən, sözügedən ərazidə arxeoloji qazıntılar ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qoç Universitetinin arxeologiya və sənətşünaslıq fakültəsinin dosenti Çiğdəm Manərin rəhbərliyi altında aparılır. Qazıntı prosesinə cari ilin iyul ayının 3-də başlanıb.
Türkiyədə 8 min illik keramika parçaları tapılıb | FOTOLAR

Qədim yaşayış məntəqəsində indiyədək assurlar hetlər, habelə Roma və Bizans dövrlərinə aid tapıntılar aşkarlanıb. Cari qazıntı işlərində isə het krallarına, şahzadələrinə, müxtəlif rütbədələrdəki əyanlara və rahiblərə məxsus 22 möhür tapılıb. Eyni zamanda, quş falı məzmunlu 56 mixi yazılı kitabə işıq üzünə çıxarılıb.

Çiğdəm Manərin sözlərinə görə, uğurlu keçən arxeoloji mövsüm ərzində aşkarlanmış bu tarixi nümunələrin əksəriyyəti bütöv şəkildə dövrümüzə çatıb.

"Kitabələrdə çox maraqlı yazılarla rastlaşmışıq. Bu kiçik kitabələrdə əsasən quş falından söhbət gedir, het krallarının vəliəhdlərinin, şahzadələrinin taleyi haqqında danışılır. Məlumdur ki, fal adəti hetlərin dövründə əhəmiyyətli yerə malik idi. Bu cür mixi yazılı kitabələr, ilk dəfədir ki, aşkarlamışıq", – xanım arxeoloq vurğulayıb.

O diqqətə çatdırıb ki, tapılan nümunələr het tarixinin öyrənilməsinə böyük töhfə verəcək.


Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   tarix   arxeologiya  



Xəbər lenti